Çap

Xaricdə təhsil almaq istəyənlər diqqətli olsun

Tarix . Kateqoriya Yeniliklər

serdar"Belə ali məktəblər daha çox Rusiya və Gürcüstandadır"

"Azərbaycan gəncləri arasında xaricdə təhsil almağa qarşı maraq azalmayıb, əksinə, ötən ilə nisbətən bu il artım müşahidə olunur". Bu sözləri Reaksiya.Az-a açıqlamasında "Gəncliyin Elmi-Mədəni İnkişafı" İctimai Birliyinin sədri, təhsil üzrə ekspert Sərdar Yusifoğlu bildirib.

O qeyd edib ki, son zamanlar xaricdə təhsil alanlara hərbi xidmətə görə möhlət verilməməsi ilə bağlı qanun bir sıra KİV-lərdə müxtəlif cür təqdim olunur və bu məlumatlar bəzi insanların çaşqınlığına səbəb olur.

"Əslində bir məqam diqqətdən qaçır ki, gənclərimizin xaricdə təhsil alması dövlətin də marağındadır, xaricdə təhsillə bağlı dövlət proqramı var. Lakin bu qanun heç də xaricdə təhsilə mane olmur, əksinə bəzi arzuolunmaz nəticələrin qarşısını ala bilər. Məsələn, elə xarici universitetlər var ki, dövlət qeydiyyatı yoxdur və ya xaricdən tələbə qəbul etmək üçün lisenziyası yoxdur. Bəzi mərkəzlər, işbazlar gəncləri aldadıb həmin universitetlərə düzəldirlər, axırda da məlum olur ki, onların pulları və illəri boşa gedib. Həmin universitetin öz ölkəsinin müvafiq qurumlarından lisenziyası olmalıdır və sabah orda oxuyan bir gəncimiz öz ölkəsinə qayıdanda da onun diplomu Təhsil Nazirliyi tərəfindən tanınmalıdır. Belə ali məktəblər daha çox Rusiya və Gürcüstandadır, onların diplomları Azərbaycanda etibarsızdır, çünki lisenziyaları yoxdur",- deyə ekspert bildirib.

GEMİ sədri gəncləri diqqətli olmağa çağırıb: " Bizə davamlı olaraq müraciətlər daxil olur, gənclərə məsləhət və tövsiyələr veririk. Bu istiqamətdə pulsuz xidmət göstəririk. Gənclərimiz xaricdə təhsil almaq üçün universitet seçimində maksimum diqqətli olmalıdırlar. Maraqlananlar sosial şəbəkədəki rəsmi səhifəmiz və ya gemi.az saytı vasitəsi ilə müraciət edə bilərlər".

S.Yusifoğlu əlavə edib ki, son zamanlar gənclərin xaricdə təhsil almasında artım müşahidə edir: "Həmin gənclər xaricdə təhsil almaq və öz ölkələrinə yüksək səviyyəli kadrlar kimi qayıtmaq arzusundadırlar. Ola bilər ki, kimsə xaricə gedib qayıtmaq istəməsin, lakin bu, çox az hallarda olur. Bəzi gənclərimiz xaricə gedib həmin ölkələrin qanunvericiliyi ilə tanış olandan sonra, orda yaşamaq və karyera qurmağın heç də asan olmayacağını gördükdə Azərbaycana qayıtmağı seçirlər. Bir neçə tanışım var ki, Avropada təhsil alandan sonra orda yaşamaq və işləmək icazəsi almaqda ciddi çətinlik çəkirlər".

O, həmçinin vətənpərvərlik və diaspora fəaliyyəti ilə bağlı məqamlara toxunub: "Biz davamlı olaraq xarici ölkələrə səfər edir və orda təhsil alan gənclərimizlə əlaqə saxlayırıq. Ukryana, Almayina, Baltikyanı ölkələr, Türkiyə və İtaliyada təhsil alan bir çox gənclə sıx əlaqəmiz var. Görürük ki, onlar ölkəmizdə olan bir çox gənclər təşkilatından da fəal çalışırlar və müxtəlif təşəbbüslər irəli sürürlər. Xaricdə təhsilin qarşısını almaq olmaz, əksinə, xarici ölkələrin elmi təcrübəsini ölkəmizə gətirməli, müxtəlif xarici dillər bilən kadrlar yetişdirməliyik. Bu, ölkə rəhbərliyinin də yürütdüyü siyasətə uyğundur".