Çap

Sərdar Yusifoğlu: “Gənclərimizi ideoloji cəhətdən silahlandırmaq lazımdır”

Tarix . Kateqoriya Müsahibələr

Azərbaycan turizm potensialının təbliği və inkişafında gənclərin və gənclər təşkilatlarının fəal iştirakı xüsusi əhəmiyyət kəsb edir.

Bu fikirləri Gün.Az-a açıqlamasında “Gəncliyin Elmi-Mədəni İnkişafı” İctimai Birliyinin (GEMİ) sədri Sərdar Yusifoğlu bildirib: “Təşkilatımızın əsas fəaliyyət istiqamətinin elmi-mədəni maarifləndirmə olduğuna və bu istiqamətdə müxtəlif təlim-tədris layihələri həyata keçirməyimizə baxmayaraq, may-sentyabr aylarında Naxçıvan istisna olmaqla, ölkənin işğalda olmayan bütün bölgələrinə “Həm öyrənək, həm istirahət edək” layihəsi çərçivəsində ekskursiyalar təşkil etmişik”.
Hər həftəsonu təşkil edilmiş ekskursiyalarda Bakı, Sumqayıt, Şəki, Gəncə, Quba və digər rayonlardan olan yüzlərlə gəncin iştirak etdiyini deyən S.Yusifoğlu vurğulayıb ki, bu layihənin həyata keçirilməsində məqsəd yerli turizmin inkişafına dəstək vermək və ölkənin turizm potensialı ilə gəncləri məlumatlandırmaq olub:
“Bildiyiniz kimi, bu il Azərbaycanda Turizm ilidir. Bu istiqamətdə dövlət səviyyəsində müxtəlif tədbirlər həyata keçirilir. Bir ictimai təşkilat kimi, biz də çalışdıq ki, cəmiyyətdə yerli turizmə qarşı maraq oyadaq. Həm də qeyd olunmalıdır ki, ölkəmizin müxtəlif bölgələrindəki yerli turizm potensialı, tarixi-mədəni abidələri ilə tanış olan gənclər bu dəyərlərin təbliğatçılarına çevriləcəklər”.
Başqa təşkilatların da bu istiqamətdə müsbət fəaliyyətinə toxunan GEMİ rəhbəri hesab edir ki, bu il görülən işlər gənclərimizin qarşıdan gələn beynəlxalq tədbirlərə hazırlıqlı olmasına rəvac verəcək:
“Düşünürəm ki, gənclərimizin müxtəlif istiqamətlərdə maarifləndirilməsi çox vacibdir. İnformasiya müharibəsinin getdiyi bir zamanda, onları ideoloji cəhətdən silahlandırmaq lazımdır. Bu məqsədlə biz öz miqyasımızda iş görürük, müxtəlif təşkilatlar tərəfdən də fəallıq nümayiş olunur. Lakin istərdik ki, bu iş daha da mütəşəkkil və geniş formada təşkil olunsun”.
Rüfət Əhmədzadə
Gün.Az

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə