Çap

Sərdar Yusifoğlu: “Sosial şəbəkələrə məhdudiyyətin qoyulması karyera quran vətəndaşlara əngəl törədə bilər”

Tarix . Kateqoriya Müsahibələr

 

İnformasiya müharibəsinin ən mühüm cəbhəsi sosial şəbəkələrdir.

Azərbaycanda sosial şəbəkələrə məhdudiyyətin qoyulması siyasi partiyalardan çox, milli mövqe irəli sürən ictimai təşkilatlar və karyera quran sadə vətəndaşlara əngəl törədə bilər.

Gün.Az-ın verdiyi xəbərə görə, bu barədə “Gəncliyin Elmi-Mədəni İnkişafı” İctimai Birliyinin (GEMİ) sədri Sərdar Yusifoğlu ölkədə bəzi sosial şəbəkələrə məhdudiyyət qoyulması barədə məlumatı şərh edərkən bildirib.

“Bu barədə kimin nə məqsədlə açıqlama verməsinə baxmayaraq, əminəm ki, ölkə rəhbərliyi Azərbaycanda belə bir addımın atılmasına imkan verməyəcək. Çünki bu, birbaşa olaraq dövlət başçısının yeritdiyi siyasətə ziddir. Azərbaycanı hansısa ərəb ölkəsi ilə müqayisə edib təhlükədən danışmaq isə, fikrimcə qeyri-realdır”.

Sərdar Yusifoğlu söyləyib ki, ölkədə demokratiya olduğundan, insanlar qarşısında özünüifadə və təbliğat üçün bir çox imkanlar mövcuddur və bu imkanlara sosial media da daxildir.

“Lakin sadəcə vətəndaşlar özləri də hər şeyi yaxşı başa düşürlər. İnternet vasitəsilə aparılan son mitinq təşəbbüslərinin ciddi sosial baza yığa bilməməsi də faktdır. Günümüzdə informasiya müharibəsinin ən mühüm cəbhəsi sosial şəbəkələrdir və müharibə vəziyyətində olan Azərbaycanın vətənpərvər vətəndaşları da bu cəbhədə öz mübarizələrini sürdürürlər”.

Müsahib deyir ki, təkcə son bir il ərzində rəhbərlik etdiyi təşkilatın fəalları tərəfindən Qarabağla bağlı onlarla saxtalaşdırma faktları qeydə alınıb və bu cür separatçı-şovinist səhifələr şikayət edilərək bağlanıb.

“Mən bir daha vurğulamaq istərdim ki, gənclərin karyera qurmaları və elm-təhsil perspektivlərini artırmaları üçün də sosial şəbəkələr mühüm rol oynayır. Həmçinin bir çox sahələrdə məlumatlandırma, maarifləndirmə işləri də sosial şəbəkələrdə aparılır. Dövlət Yol Polisinin “Facebook” səhifəsi mövcuddur və bu səhifənin xeyli üzvü var ki, daimi olaraq məlumat toplayır, öz suallarına cavab tapırlar”.

Sərdar Yusifoğlu əlavə edib ki, əksinə, Azərbaycanda internetdən istifadə imkanlarının yaxşılaşdırılması lazımdır ki, cəmiyyətdə həm biznes qurumları, həm də internet vasitəsilə karyera quran sadə vətəndaşların işi asanlaşsın.

Rüfət Əhmədzadə
Gün.Az