Çap

S.Yusifoğlu “Təhsil Nazirliyi varsa, TQDK nəyə lazımdır?

Tarix . Kateqoriya Müsahibələr

369545 450039

Fazil Mustafa: “Köhnə sistemə qayıdış təhsildə korrupsiyanın artmasına gətirib çıxaracaq”

Nizami Cəfərov: “Test sistemi özünü doğrultdu, ancaq təkmilləşdirmədən söz gedə bilər”

Sərdar Yusifoğlu: “Əsas diqqət buraxılış imtahanlarına yönəldilməlidir, qəbul imtahanları isə təqaüd imtahanları ilə əvəz olunmalıdır”

Son iki gündə ölkə mətbuatında və sosial şəbəkələrdə “test sisteminin ləğv olunacağı” ilə bağlı ajiotaj yaranmaqdadır. Azərbaycan təhsil naziri Mikayıl Cabbarovun ANS-in “Hesabat” verilişinə müsahibəsində dediyi fikirlər müzakirələrə yol açdı və bir çox insan testin ləğvindən narahatlığını ifadə etdi. Azərbaycan Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov test sisteminin ləğv olunması barədə yayılan məlumatlara aydınlıq gətirib. C.Valehov deyib ki, təhsil naziri Mikayıl Cabbarov ANS-in “Hesabat” verilişinə müsahibəsində test sisteminin ləğvi haqqında heç bir söz deməyib: “Həmin müsahibədə təhsil naziri test sisteminin ləğvi haqqında bircə kəlmə də söz işlətməyib, əksinə müsbət tərəflərini qeyd edib. Sitat: “…Birincisi, bu gün Azərbaycanda keçirilən qəbul imtahanının məzmunu və həmin məzmunun müsbət tərəfləri. İlk növbədə, məzmun və formanı fərqləndirməliyik.

Formal olaraq bu, test imtahanı sistemidir. Formal olaraq bu imtahanın əsas üstünlükləri insan faktorundan asılılığın minimal olması, qiymətləndirmə prosesində nəticələrin müəyyən mənada insan faktorundan aslı olmayaraq həyata keçirilməsidir. Bu, Azərbaycan kontekstində böyük üstünlükdür. Bununla da obyektivlik təmin edilir…” Bu cavabdan göründüyü kimi, forma və məzmun tərəflərini fərqləndirməkdən söhbət gedir” (Trend) C.Valehov nə qədər aydınlıq gətirməyə çalışsa da, sadə vətəndaşlar üçün bu açıqlama o qədər də aydın olmadı. Sadə dillə desək, Təhsil Nazirliyi test sisteminin ləğvindən yox, dəyişdirilməsindən yanadır. Test sistemininn tərəfdarları nə qədər çox olsa da, son illərdə keçid balının kəskin surətdə düşməsi, 200 baldan aşağı toplayan abituriyentlərin çoxluğu bəzi suallar doğurur. İlk növbədə, ekspertlər bunu məktəblərdə bilik səviyyəsinin düşməsi ilə əlaqələndirirlər, bu isə Təhsil Nazirliyi tərəfindən birmənalı qarşılanmır.

Xatırladaq ki, keçmiş təhsil naziri Misir Mərdanovla TQDK sədri Məleykə Abbazsadə arasında olan gərginlik də məhz “məktəblərdə dərs keçilmir, bilik səviyyəsi aşağı düşüb” iddiaları ətrafında cərəyan edirdi. Lakin TQDK-nın ünvanına da tənqidlər olmamış deyil. Son illərdə qəbul imtahanlarında test suallarınınn çətin olması, şagirdlərin bir neçə fənnə hazırlaşmaqla həddən çox yükləməyə məruz qalması ilə bağlı şikayətlər səslənməkdədir. Bəs alternativ nədir? Test sistemi ləğv olunmalıdırsa, yerində nə olmalıdır?

 skachanny e fajly 2 1  Ləğv olunmalı deyilsə, test sistemində nə kimi dəyişikliklər, islahatlar aparılmalıdır? Millət vəkili, “Böyük Quruluş” Partiyasının sədri Fazil Mustafa bildirib ki, test üsulunun ləğv olunmasından söz gedə bilməz, lakin islahatlar olmalıdır. “Suallar çox çətindir, gənclər test imtahanında çətinlik çəkirlər. Suallar yüngülləşdirilməli, sadələşdirilməlidir. Qoy qəbul olsunlar, amma oxuya bilməsinlər. Türkiyədə qəbul olmaq asandır, amma oxumaq çətindir, hər adam universitetdə qala bilmir”, – deyə millət vəkili qeyd edib. Onun fikrincə, köhnə sistemə qayıdış təhsildə korrupsiyanın artmasına gətirib çıxaracaq: “Bu gün bir çox ali məktəbdə məsələlər tanışla-bilişlə həll olunur. Müasir tələblərə cavab verən rektorlar cəmi 15-20 faiz təşkil edir, ali məktəblərimizin hazırkı vəziyyəti ilə köhnə qəbul sisteminə qayıda bilmərik”. Qeyd edək ki, millət vəkili Fazil Mustafa “köhnə qəbul sistemi” deyərkən, SSRİ dövründə ali məktəblərin hər birinin öz qəbul komissiyası tərəfindən aparılan şifahi və yazılı imtahan üsulunu nəzərdə tutub.  

skachanny e fajly 1 27  Başqa bir millət vəkili Nizami Cəfərov isə, sadələşdirmədən çox, təkmilləşdirməyə diqqət yetirməyi təklif edir: “Valideynlərin və abituriyentlərin çoxu şikayətlənir ki, test imtahanında suallar çox fənn əsasında tərtib olunur və bu, artıq gənclərin artıq yüklənməsinə səbəb olur. Bu istiqamətdə təkmilləşdirmədən söz gedə bilər. Test üsulundan əvvəl çox problemlər var idi, amma bu sistem özünü doğrultdu. Burda birtərəfli düşünmək lazım deyil. “Təki girsinlər, intihar olmasın” deyə də bilmərik. Tələbə oxuya bilməyəcək, sonra da intihar məqamı ortaya çıxacaq. Burda bir tərəfdən texniki məsələləri həll etmək, digər tərəfdən də cəmiyyətdə təbliğat aparmaq, gənclərə fikir aşılamaq lazımdır ki, oxusunlar”.

12516293 181791098860958 1967596724 n 250x300  Təhsil eksperti, “Gəncliyin Elmi-Mədəni İnkişafı” İctimai Birliyinin sədri Sərdar Yusifoğlu bildirib ki, test sistemi ümumilikdə mənfi hal deyil, lakin TQDK-nın təşkil etdiyi qəbul imtahanları ilə bağlı ciddi islahatlara ehtiyac var.“Dünyanın bir çox ölkəsində tələbə qəbulu ilə bağlı dövlət komissiyası yoxdur. Prosesi təhsil nazirlikləri tənzimləyir. Əsas diqqət buraxılış imtahanlarına yönəldilməlidir. Son illərdə buraxılış imtahanları testlə keçirilir. Avropada da məhz bu məqam əsas götürülür. Əgər gənc 11-12 illik təhsil müddəti ərzində dərslərini oxuyur və imtahan verirsə, attestat qiymətləri normaldırsa, əlavə test imtahanına nə ehtiyac var? Yanaşma dəyişilsə, orta məktəblərdə təhsil səviyyəsi də yaxşılaşacq, gənclər oxuyacaqlar”, – deyə S.Yusifoğlu bildirib. Onun sözlərinə görə, məktəbi bitirdikdən sonra gənclərə hərbi xidmətə getmək 3 il möhlət verilməlidir: “Bəzi gənclər ali təhsilə maraqlı deyil, amma orduya 22-23 yaşında getmək üçün hər kəs tələbə olmağa çalışır. 

Bəlkə birinin hansısa peşəyə marağı var, orta ixtisas məktəbinə getsə daha yaxşı olar… Ali təhsil əksər gənclərimiz üçün “ölüm-dirim” məsələsinə çevrilib”. Ekspertin sözlərinə görə, buraxılış imtahanlarında yüksək nəticə toplayan gənclər universitetlərdə oxumaq üçün yox, sadəcə təqaüd almaq üçün əlavə imtahana cəlb oluna bilərlər: “Bu da, məhz könüllü olmalıdır. Təqaüd almağa layiq olan gənclər bu imtahana qatıla bilərlər. Bəzi universitetin tələblərinə görə,gənclər əlavə dil kurslarına getsələr, TOEFL və IELTS üzrə hazırlaşsalar daha faydalı olardı”. Lakin S.Yusifoğlu TQDK-nın ixtisasseçmə üsulunu müsbət qarşılayıb: “Bu üsul yaxşıdır. Tələblərə görə rəqabət gedir. Mütərəqqi tərəfləri saxlamaq şərti ilə, tələbə qəbulu imtahanının ləğv olunması, əsas diqqətin buraxılış imtahanlarına yönəldilməsi daha məqsədə uyğundur. O zaman attestat qiymətlərinin yazılmasında da ciddi nəzarət tətbiq olunacaq, müəllim və şagirdlərdə məsuliyyət artacaq”. Onun fikrincə, ümumilikdə TQDK ləğv olunsa, dünya təcrübəsinə də uyğun olar: “Təhsil Nazirliyi varsa, TQDK nəyə lazımdır? Bu qurum nazirliyin tərkibində bir idarə kimi saxlanıla bilər. Ümumiyyətlə, əldə olunan nailiyyətləri saxlamaqla, struktur dəyişikliklərə gedilməlidir”.

Rüfət Əhmədzadə

Qafqaznews.az