Çap

“Xaricdə təhsil alan gənclərimiz gördükləri yenilikləri ölkəmizə gətirmək potensialına sahibdirlər”

Tarix . Kateqoriya Müsahibələr

ff

Rəsul Məmmədov:“Xaricdə təhsil alan hər bir azərbaycanlı gənc, ölkəmizin tarixi həqiqətlərini dünyaya çatdıran təbliğat maşınıdır”
Son zamanlar Polşada təhsil alan gənclərimiz də öz elmi və ictimai fəaliyyətləri ilə diqqəti çəkirlər. Elə müsahibimiz Rəsul Məmmədov da Polşada bu baxımdan aktiv gənclərimizdəndir. Qeyd edək ki, R.Məmmədov Bakı şəhərində anadan olub. Hazırda Varşava Universitetində "Maliyyə, investisiya və mühasibat" ixtisası üzrə təhsil alır. Polşaya getdikdən dörd ay sonra orada ictimai fəaliyyətə başlayıb; 20 Yanvar, Xocalı soyqırımının tanıdılması istiqamətində müxtəlif işlər görüb. Həmçinin digər tədbirlərdə də iştirak edib. Hazırda isə Polşada fəaliyyət göstərən "Polşada Azərbaycanlı Gənclər Şurası"nda sədr müavini vəzifəsini icra edir.
- Varşava Universiteti hansı özəlliyi ilə seçilir?
-Varşava Universitetini digər universitetlərdən fərqləndirən ən əsas cəhət Polşa sıralamasında birinci, Avropa sıralamasında isə 156-cı olmasıdır. Mənim ixtisasım üzrə isə Avropa universitetləri arasında ilk 100-lükdə olması səbəbi ilə deyə bilərəm ki, yaxşı universitetdir.
- Varşava Universitetinin təhsil səviyyəsindən razısınızmı?
-Ümumi olaraq nəzər yetirdikdə, bəli, razıyam. Bundan əvvəlki sualda da qeyd etdiyim kimi, ixtisasım üzrə sıralamada Avropa universitetləri arasında ilk 100-lükdə olmağı bilavasitə burada işləyən müəllim və professor heyətinin də hansı səviyyədə olduğundan xəbər verməkdədir. 
Müəllim və professor heyətinin həm tələbəyə verdiyi bilik, həm imtahan proseduru məni razı salmaqdadır.
-Varşava Universitetindəki gənclərimiz təşkilatlana biliblərmi? Bu istiqamətdə hansı addımlar atırsız?
-İstədiyimiz səviyyədə olmasa da, ümumilikdə, bəli, adıçəkilən universitetdə təhsil alan gənclər olaraq təşkilatlanmışıq, amma təkcə Varşava Universitetində təhsil alan gənclərimiz yox, ümumilikdə Polşa Respublikasında yaşayan gənclərimizi daha yaxşı təşkilatlandırmaq məqsədi ilə “Polşada Azərbaycanlı Gənclər Şurası”nı yaratdıq və ölkəmizin tarixini, mədəniyyətini, həmçinin regionumuzdakı tarixi həqiqətləri Polşa ictimaiyyətinə çatdırmaq üçün var gücümüzlə çalışmağa başlamışıq. 
“Polşada Azərbaycanlı Gənclər Şurası” yaranmamışdan əvvəl də bu yöndə işlər görülüb, amma görülən işlər sırf fərdlər tərəfindən görülmüşdür. Bundan sonra isə düşünürəm ki, daha uğurlu işlərə imza ata biləcəyik.
-Ölkəmizin təbliğini yetərincə apara bilirsizmi?
-Ölkəmizi təbliğ etmək məqsədi ilə əlimizdən gələni edirik. 20 Yanvar hadisələri, Qarabağ problemi, Xocalı soyqırımı haqqında bacardığımız qədər Polşa ictimaiyyətini məlumatlandırırıq. 
Həmçinin milli adət-ənənələrimiz, musiqimiz, milli bayramlarımız, bir sözlə, mədəniyyətimiz haqqında da təbliğat aparmaqdayıq.
Bununla yanaşı, ölkəmizin turizm potensialını da Polşa ictiamiyyətinə çatdıraraq, ölkəmizi təbliğ etmək üçün canla-başla çalışırıq.
“Polşada Azərbaycanlı Gənclər Şurası” olaraq Polşada yaşayan aktiv azərbaycanlı gəncləri ətrafımıza toplamışıq və toplayırıq. Beləliklə, daha keyfiyyətli və daha uğurlu nəticələnən işlərə imza atırıq.
-Yeni fəaliyyətə başlayan "Polşada Azərbaycanlı Gənclər Şurası" nəyi hədəfləyib?
-Beş əsas hədəfimiz mövcuddur. 1. Polşada Azərbaycan diasporunun inkişafına dəstək olmaq. 2. Polşada Azərbaycan musiqisini, mədəniyyətini və adət-ənənələrini təbliğ etmək. 3. Polşada yaşayan azərbaycanlı gəncləri vahid mərkəz altında birləşdirmək. 4. Polşada yaşayan azərbaycanlı gənclərə ölkənin mühitinə uyğunlaşmaları üçün ödənişsiz polyak dili kurslarını təşkil etmək. 5. Polşada yaşayan azərbaycanlı tələbələrə müvəqqəti yaşayış kartının alınmasında hüquqi yardım göstərmək.
Yuxarıda sadaladıqlarım bizim, şura olaraq əsas hədəflərimizdir. Bundan başqa, Polşada yaşayan azərbaycanlı gəncləri ətrafımızda toplayaraq, onlarla birlikdə ölkəmizi, vətənimizi tanıtmaq və tarixi həqiqətləri Polşa ictimaiyyətinə çatdırmaq məqsədi ilə müxtəlif işlər görməkdəyik. Bundan öncəki suallardan birində də bu barədə danışdım, indi də əlavə etmək istəyirəm ki, azərbaycanlı gəncləri bu formada öz ətrafına toplayan, onları birləşdirən hər hansısa bir təşkilat mövcud deyildi. Bu səbəbdən də Polşada yaşayan gənclərimiz fərdi şəkildə çalışırdılar ki, ölkəmizi burada layiqincə təbliğ etsinlər. Biz də fərdi şəkildə çalışan gənclərimizi bir yerə toplayıb, hamımız birlikdə hərəkət etmək məqsədini öz qarşımıza qoymuşuq və bunun üçün çalışırıq.
-Universitetdəki digər xalqların tələbələri ilə münasiətləriniz necədir? Yəni onlara ölkəmizlə bağlı məlumatlar verə bilirsizmi? 
-Bəli, çalışıram ki, dialoq qurduğum hər bir xarici vətəndaşa ölkəmiz və onun tarixi haqqında məlumat verim. Universitetimizdə müxtəlif ölkələrdən tələbələr təhsil alır. Məsələn, Avropadan Fransa, İspaniya, Portuqaliya, İtaliya və Almaniyadan olan tələbələr tanıyıram. Amerikadan isə Kanada, ABŞ və Meksikadan olan tələbələrlə əlaqəm var. Afrikadan Zimbabve və Nigeriyadan, Asiyadan isə Vyetnam, Çin, Əfqanıstan, İran və qazaxıstanlı tələbələri tanıyıram. 
Bir hadisəni də qeyd etmək istəyirəm. Varşavada bir sorğu keçirmək fikrim var idi, şəhərin mərkəzində Bakının şəklini insanlara göstərib, onlardan bu şəhəri tanıyıb-tanımadıqlarını soruşmaq istəyirdim. Bu işi reallaşdırdım və bu işi reallaşdırmağa mənə azərbaycanlı tələbə ilə yanaşı, həmin Zimbabvedən olan tələbə də könüllü şəkildə kömək etdi. Qeyd edim ki, həmin videoçarx “YouTube” kanalımda mövcuddur. Kanalın adı isə “PlAzeTV”dir.
-Gənclərin xaricdə təhsilinin Azərbaycanın gələcəyi üçün hansı perspektivi var?
-Gənclərimizin xaricdə təhsil alması ölkəmiz üçün gözəl haldır. Həmin gənclər, xaricdə peşəkar mütəxəssis kimi yetişib, xarici ölkələrdə gördükləri yenilikləri ölkəmizə gətirmək potensialına sahibdirlər. Bu vasitə ilə ölkəmizin inkişafına həmin gənclər də öz töhfələrini vermiş olurlar.
Həmçinin xaricdə yaşayan hər bir azərbaycanlı, istər gənc, istər yaşlı, istər təhsil alsın, istərsə işləsin, hər bir azərbaycanlı bir gücdür, bir təbliğat maşınıdır. Bu yöndə, xüsusilə gəncləri qeyd etmək istəyirəm. Xaricdə təhsil alan hər bir azərbaycanlı gənc, ölkəmizin tarixi həqiqətlərini dünyaya çatdıran bir şəxsdir. Gənclərimizin xaricdə təhsil alması Azərbaycanımıza iki müsbət hadisə bəxş etməkdədir. 1. Gələcəyin savadlı kadrı. 2. Hal-hazırkı təbliğat maşını.
- Ölkəmizdə elm və təhsilin inkişafı istiqamətində hansı töhfələr vermək istərdiniz?
- Peşəkar mütəxəssis kimi formalaşdıqdan sonra ixtisasım üzrə kitablar çap etdirərək, məncə, elm və təhsilimizin inkişafına öz töhfəmi verə bilərəm. 
Təkcə ölkəmizin elm və təhsilinin inkişafı istiqamətinə deyil, eyni zamanda ixtisasım üzrə işləyərək, ölkəmizə öz bilik və bacarıqlarım vasitəsilə töhfələr verəcəyimə inanıram.
-Sizcə, azərbaycanlı gənclər təhsil səviyyəsinə görə nə dərəcədə Qərb gənclərinə nümunədir?
-Belə bir şey deyim, bir dəfə dərsdə olanda, mühasibat dərsimiz idi, müəllim müxtəlif rəqəmlərin toplanılmasını istəmişdi. Tələbə yoldaşlarım kalkulyator vasitəsi ilə hesablayana qədər mən artıq özüm hesablayıb, cavabı demişdim. 

Palitranews - Fuad Hüseynzadə