Çap

“Azərbaycanda ali təhsil vaxt itkisinə çevrilib”

Tarix . Kateqoriya Müsahibələr

sardar gemi

Sərdar Yusifoğlu: “Şirkətlərdə min manat maaş alan İKT mütəxəssisi universitetdə saatı 3 manata dərs deyərmi?”

“Azərbaycandakı müəllimlərin əksəriyyəti öz ixtisaslarına, lazımi kriteriyalara cavab vermirlər”. Gemi.az xəbər verir ki, bunu Qafqaznews.az-a “Gənclərin Elmi-Mədəni” İctimai Birliyinin sədri, təhsil eksperti Sərdar Yusifoğlu bildirib. Təhsil naziri Mikayıl Cabbarovun bu yaxınlarda ölkə mətbuatına verdiyi müsahibəni şərh edərkən, Sərdar Yusifoğlu deyib ki, həqiqətən də, son 3 ildə Azərbaycan təhsilində müəyyən dirçəlişlər, islahatlar hiss olunur.

“Məzunların və abituriyentlərin nəticələrində keyfiyyət artımı da nəzərə çarpır. Lakin bir çox problemlər hələ də qalmaqdadır. Burda cəmiyyətdə təhsil məsələsinə psixoloji yanaşmadan, bəzi məqamlar TQDK-nın keçid ballarını müəyyən edərkən buraxdığı səhvlərdən, bəzi məqamlarda Təhsil Nazirliyindən asılı olmayan maddi məsələlərdən, maaşlardan söz gedə bilər. Bu yaxınlarda Bakı Peşə Liseyinin IT Step Akademiyası açıldı. Mən bunu şəxsən dəstəkləyirəm. Azərbaycanda peşə təhsilinə fikir vermək, ancaq diplom almağa can atan gəncləri digər sahələrə istiqamətləndirmək lazımdır. Ölkədə nə qədər diplomlu işsiz var, işləyənlərin çoxu belə öz ixtisasına cavab vermir. Müəllimlər arasında da bəzən elələrinə rast gəlmək olar. Hamı ali savadlı ola bilməz ki…  Müxtəlif peşələr üzrə də bizə bacarıqlı kadrlar lazımdır. Ona görə də, Mikayıl Cabbarovun bu sahəyə diqqət ayırmasını müsbət qarşılayıram”, – deyə eskpert Sərdar Yusifoğlu  vurğulayıb.

Ekspertin sözlərinə görə, bir çox universitet məzunlarında praktika çatışmazlığı olur: “Bəzən nəzəri cəhətdən də onların yetərincə bilikli olmadığını görürük. Nədənsə, iri müəssisələr tələbələrlə, təcrübəsiz gənclərlə işləməyə üstünlük vermir. Hətta tələbələr istehsalat təcrübəsinə göndərildikdə də, onları iş prosesinə yaxın buraxmır, həvəssiz yanaşırlar. Halbuki, şirkətlər gənclərlə işləməli, onların praktik biliklərinin möhkəmlənməsinə yardımçı olmalıdır. Sanki heç kim öz kadrlarını yetişdirmək istəmir, hamıya hazır mütəxəssis lazımdır. Hazır mütəxəssis hardan gəlməlidir? Xaricdə təhsil alıb bir qədər təcrübə toplayan həmvətənlərimiz var ki, onları burdakı maaşlar da qane etmir. Digər tərəfdən, strateji ixtisaslardan biri olan İKT sahəsində dərin bir boşluq yaranıb. İKT və başqa bir sıra sahələr üzrə Azərbaycanda ali təhsil vaxt itkisinə çevrilib.

Dünyada İKT hər gün inkişaf edir, yenilənir, lakin ali təhsil müəssisələrində bu sahədə mütəxəssis olan pedaqoqlar çatışmır. Şirkətlərdə ən az min manat maaş alan İKT mütəxəssisi universitetdə saatı 3 manata dərs deyərmi? Bu ixtisaslar üzrə keçid balı da çox aşağıdır. 250-300 balla bu ixtisaslar üzrə ali məktəbə qəbul olanlar var. Halbuki, İKT sahəsi üzrə də keçid balları tibb və hüquq ixtisaslarında olduğu kimi yüksək olmalıdır”. S.Yusifoğlunun fikrincə, Təhsil Nazirliyi də istəyər ki, ölkəmizə xaricdən mütəxəssislər gəlsin və ya yüksək maaşla bacarıqlı kadrlar ali məktəblərdə dərs desin.

“Lakin bunlar büdcədən maliyyələşmə məsələləridir və nazirlikdən asılı deyil. Təəssüf ki, universitet müəllimləri ucqar rayonlardakı məktəb müəllimlərindən də az maaş alırlar”, – deyə ekspert qeyd edib.

O, xaricdə təhsillə bağlı cəmiyyətdəki yalnış məlumatlandırmaya da toxundu: “Təəssüf ki, bəzi savadsız jurnalistlər cəmiyyətdə belə təsəvvür yaratdılar ki, 2007-2015-ci illər üzdə Xaricdə Təhsil Proqramı dayandırılıbsa, dövlət daha xaricdə təhsilə diqqət ayırmaq istəmir. Bu il artıq 2016-cı ildir. Bu proqramın icra müddəti keçən il bitib, lakin keçən il və ondan əvvəlki illərdə bu proqramla xaricə gedən gənclər hələ də maliyyələşməyə davam edirlər. Bu proqram Prezident tərəfindən ona görə imzalanmışdı ki, prioritet ixtisaslar üzrə kadrların yetişməsinə kömək göstərilsin. Xeyli gəncimiz bu fürsətdən yararlanıb. Lakin elə məsələlər var ki, digər sahələrdə olan vəziyyətə və bir sıra qurumların məsuliyyətinə görə dəyər verilməlidir. Xaricdə təhsil almaqla da iş bitmir, ixtisas seçimində diqqətli olmaq lazımdır. Təəssüf ki, gənclərimiz əsasən populyar ixtisaslara üz tuturlar, sonra da işsizlikdən şikayətlənirlər. Həmçinin, marağı olmayan sahə üzrə təhsil alan, vaxt və pul xərcləyən gənclərimiz də az deyil. Onlar bu müddətdə özlərinə uyğun bir peşə seçimi etsəydilər, daha uğurlu olardılar”.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə