Çap

GƏNCLƏR TƏŞKİLATLARI VERGİ MƏCƏLLƏSİNƏ EDİLMİŞ DƏYİŞİKLİKLƏRLƏ BAĞLI SEMİNARDA İŞTİRAK EDİBLƏR

Tarix . Kateqoriya Müsahibələr

sardar seymur

 

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşəbbüsü ilə şuranın üzvü olan gənclər təşkilatlarının rəhbərlərinin və maliyyə sahəsində çalışan əməkdaşların Vergi Məcəlləsinə edilmiş dəyişikliklər barədə məlumatlandırılması məqsədilə yanvar ayının 31-də Vergilər Nazirliyində seminar keçirilmişdir. Gemi.az xəbər verir ki, seminarda 40-a yaxın gənclər təşkilatının nümayəndələri iştirak etmişdir.

Vergi Məcəlləsinə edilən dəyişikliklərə ictimaiyyətin, o cümlədən də gənclər təşkilatlarının nümayəndələrinin diqqət və marağının müsbət qiymətləndirildiyini deyən Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru Samirə Musayeva bildirmişdir ki, ötən il iqtisadi sahədə aparılmış ardıcıl və intensiv islahatların  tərkib hissəsi kimi vergi qanunvericiliyi də təkmilləşdirilmişdir. İslahatları qruplaşdırsaq, qanuna edilən dəyişikliklər daha çox bu istiqamətləri əhatə edir:

 

· vergi yükünün azaldılması;

· vergi uçotunun və sahibkarlar arasında aparılan əməliyyatların uçota alınması prosesində şəffaflığın artırılması;

· vergi qanunvericiliyinin bey­nəlxalq təcrübəyə uyğunlaşdırılması;

· vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi;

· vergi yoxlamalarının sadələşdirilməsi;

· vergi ödəyicilərinin mənafelərini müdafiə edən normaların qəbul olunması və s.

 

Gənclərə islahatların hər bir istiqaməti barədə məlumat verilmiş, ayrı-ayrı anlayışlar izah edilmişdir.

Seminar başa çatdıqdan sonra tədbir iştirakçıları öz təəssüratlarını bildirmişlər:

 

Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov: «Ötən il ölkəmizdə istər vergi qanunvericiliyi sahəsində, istərsə də iqtisadiyyatın tənzimlənməsi və digər sahələrdə böyük islahatlar ili kimi yadda qaldı. Əminəm ki, 2017-ci ildə də bu islahatlar davam etdiriləcək. Gənclər təşkilatları bu islahatları tam dəstəkləyir. Belə hesab edirik ki, aparılan islahatlar ölkədə şəffaflığın artırılmasına, qanundan yayınmaların azaldılmasına, ümumiyyətlə iqtisadi vəziyyətin daha da canlandırılmasına yönəldilmişdir.

Vergilər Nazirliyi rəsmiləri ilə birgə keçirilən bu seminarın məqsədi də gənclərin qeyri-hökumət təşkilatlarının Vergi Məcəlləsinə və digər sənədlərdə edilən dəyişikliklərlə bağlı biliklərini artırmaq, onları «ilk mənbədən» məlumatlandırmaq idi. Tədbir zamanı gənclər təşkilatlarının nümayəndələrinə onları maraqlandıran sualları vermək imkanı yaradılmışdı. Bu tədbirin nəticələri onu göstərir ki, gənclər təşkilatları qanunvericiliyin təkmilləşdirilməsi sahəsində atılan addımları  dəstəkləyirlər və onlar qanunvericilikdəki yenilikləri gənc nəslə çatdırmağa hazırdırlar».

 

Gəncliyin Elmi və Mədəni inkişafı Təşkilatının sədri Sərdar Yusifoğlu: «Seminarda Vergi Məcəlləsi və digər normativ hüquqi aktlarla bağlı gənclər təşkilatlarının nümayəndələrinin ətraflı məlumatlanmasına imkan yaratdığı üçün Vergilər Nazirliyinə təşəkkür edirəm. Bu tədbirdə bizə qaranlıq qalan suallar nazirliyin əməkdaşları tərəfindən cavablandırıldı və gördük ki, vergi qanunvericiliyinə edilən son dəyişikliklər iqtisadiyyatımızın inkişafı məqsədilə atılan çox müsbət addımdır. Məsələn, nağdsız ödənişlərlə bağlı yeniliklər şəffaflığın  qorunmasına əlverişli şərait yaradır. Elektron ticarətin vergiyə cəlb olunması ilə bağlı izaha ehtiyacı olan bəzi məqamlar var idi ki, bu görüşdə ona da aydınlıq gətirildi. Ümumiyyətlə, bu seminar çox məhsuldar keçdi və belə  hesab edirəm ki, gənclər üçün çox faydalı oldu. Ölkədə dövlətçiliyin möhkəmlənməsində xüsusi əhəmiyyəti olan bu cür tədbirlərin davamlı keçirilməsini arzu edirəm».