Çap

“Milli kimliyin formalaşmasında elm və təhsilin rolu əvəzedilməzdir”

Tarix . Kateqoriya Müsahibələr

Sərdar Yusifoğlu: “Əgər dövlət maariflənməyə vəsait ayırırsa, biz də o vəsaiti düzgün istiqamətə yönəltməliyik”

Layihə çərçivəsində Gəncliyin Elmi Mədəni İnkişafı (GEMİ) İctimai Birliyinin sədri Sərdar Yusifoğlu ilə müsahibəni təqdim edirik: 

-Sərdar müəllim, Gəncliyin Elmi Mədəni İnkişafı İctimai Birliyi nə vaxtdan fəaliyyət göstərir?
- Bu təşkilat 2007-ci ildə qeydiyyatdan keçib. Amma bundan əvvəl təşkilatın əsas idarəçiləri Xəzər Universitetində formalaşaraq Müasir Diplomatlar Assosiasiyası kimi müəyyən müddət fəaliyyət göstərib. Sonra qərara gəldik ki, elm və təhsillə bağlı belə bir təşkilat yaradaq. Əvvəl bizim hədəflərimiz tələbələr idi. Sonra gəncləri əhatə etmək fikrinə düşdük. 2010-cu ilə kimi bizim təşkilat gənclərlə yanaşı, gənclər təşkilatları üçün bir resurs bazası rolunu oynayıb. Onlar bizim ofisimizdən istifadə edib öz tədbirlərini keçiriblər. Həmçinin özümüz də həftəsonları müəyyən mütəxəssisləri dəvət edib seminarlar keçirirdik. Müəyyən formalaşmadan sonra artıq əsas fəaliyyətimiz təhsillə bağlıdır. 
- Elm və təhsilin inkişafı ölkənin ümumi inkişafının təmin olunması baxımından nə dərəcədə əhəmiyyətlidir? 
- Bütün millətlərin milli kimliyinin formalaşmasında elm və təhsilin rolu əvəzedilməzdir. Demək olar ki, elm, təhsil, maarifçilik milli kimliyin formalaşmasında əsas özül sayılır. Bunun millətin sağlam formalaşmasında böyük əhəmiyyəti var. 
-Gənclərin Azərbaycan tarixi, dövlətçilik ənənələri və mədəni irsinə bağlılığını necə dəyərləndirirsiniz? 
- Azərbaycan gənclərinin bir çox hissəsi son 20 ildə elmi tərəqqi yüksəlişinə nail olmaqla yanaşı, ölkəmizin qədim və müasir tarixini öyrənərək təhlil etməyə başlayıblar. Xüsusilə ümummilli liderimiz Heydər Əliyevin banisi olduğu azərbaycançılıq ideologiyası ətrafında sıx birləşərək dövlətçiliyimizə, milli-mənəvi dəyərlərimizə sadiq qalaraq ölkəmizdə və ölkəmizdən kənarda daim Azərbaycan mədəniyyətini təbliğ etmələri təqdirəlayiq hallardan biridir. Bildiyiniz kimi, ölkə başçısı cənab İlham Əliyevin xüsusi sərəncamı ilə Azərbaycan xalqının ilahi sərvəti olan “qara qızılın insan kapitalına çevrilməsi” siyasəti ortaya qoyulmaqla “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın icrasına start verilib. Və bu fərəhli işin həyata keçirilməsi Təhsil Nazirliyinə tapşırılıb.
- Elm və təhsilin inkişafı istiqamətində hansı layihələr keçiribsiniz?/b>
- Biz bu istiqamətdə çoxlu layihələr keçirmişik. Məsələn, ötən il Prezident yanında Gənclər Fondunun dəstəyi ilə “Liderlik və mən məktəbi” layihəsini icra etmişik. Bu layihə Şəki və ətraf rayonları əhatə etmişdi. Burada xüsusi təlimlər keçirildi. Təlimlərə müxtəlif sahələrdən olan mütəxəssislər dəvət olunmuşdu. Gənclər bu layihədə liderlik xüsusiyyət və bacarıqlarını öyrəndilər.
- Hazırda bu istiqamətdə hansı işlər görürsünüz?
- May ayından “Region gənclərinin müasir bilik akademiyası” layihəsinə start vermişik. 
Bakı qeydiyyatında olmayan şəxslər üçün nəzərdə tutulmuş kurslara seçim yolu ilə 42 nəfər tələbə-gənc qəbul olunub. Layihəyə görə, onlar 2 ay müddətində GEMİ-də ödənişsiz təhsil almaq imkanına malikdirlər. 20 nəfər ingilis dili kursuna, 22 nəfər isə rus dili kursuna qəbul olunub. Təhsil ödənişsizdir, lakin 2 ay yetərli müddət olmadığından, bu layihəni yenə də davam etmək fikrindəyik. Bu layihədən əlavə, təşkilatımızda region gəncləri, qaçqın və məcburi köçkünlər üçün 50 faizə qədər güzəştli kurslar da təşkil edirik. Hər halda, bu layihənin ödənişsiz şəkildə davam etməsi üçün əlimizdən gələni edəcəyik. 
-Bu layihəni hansı zərurətdən keçirmək qərarına gəldiniz?
- Bakıda ali təhsil alan region gənclərinin əksəriyyəti kirayə pulu və digər vacib xərclər üzündən öz xarici dil biliklərini inkişaf etdirməkdə çətinlik çəkirlər. Və bu da gənclər təşkilatlarını Bakıda təhsil alan region gəncləri üçün yeni imkanların yaradılmasına sövq edir. Müasir zamanda xarici dil bilmək hər bir gənc üçün vacibdir. Bunu yalnız ali məktəbdəki dərslər çərçivəsində reallaşdırmaq mümkün deyil. Kursların təklif etdiyi şərtlər isə hər gəncin büdcəsinə uyğun olmaya bilər. Xüsusən də, Azərbaycanın müxtəlif rayonlarından Bakıya təhsil almaq üçün üz tutan tələbələr bu məsələdə daha çox əziyyət çəkirlər. Biz cəmiyyətdə olan bu problemi gördük, regiondan olan gənc dostlarımızın xarici dillərə yiyələnməsi yolunda öz töhfəmizi verməyi qərara aldıq.
- Bu kimi layihələrin gənclərimizin öz bacarıqlarını üzə çıxarmağa nə dərəcədə köməyi olur?
- Prezident yanında Gənclər Fondunun fəaliyyətə başlamasından sonra gənclər təşkilatlarımız cəmiyyətə daha çox və daha yaxşı xidmət göstərmək imkanları qazanıblar. Əgər dövlət maariflənməyə vəsait ayırırsa, biz də o vəsaiti düzgün istiqamətə yönəltməliyik. Hesab edirəm ki, paytaxta böyük ümidlərlə gələn bölgə gənclərimizin yeni bacarıqlarını açmaq, onları yönəltmək naminə hər bir təşkilat müəyyən qədər iş görməyə çalışmalıdır. Bölgələrdən gələn gənclərin problemləri Bakıda yaşayan gənclərə nisbətən daha çoxdur. Biz bu problemləri araşdırmalı və müxtəlif vasitələrlə aradan qaldırmağa çalışmalıyıq. Şübhəsiz ki, bizim icra etdiyimiz layihə, Bakıda təhsil alan bölgə gənclərində dil bilgisinə olan real tələbatın çox cüzi bir hissəsini ödəyir.
- Gənc nəslin elm və təhsilini artırmaq üçün marağı necədir?
- Bugünkü gənclərdə elm və təhsilini artırmağa maraq var. Müraciət edən gənclər var, amma biz görürük ki, bir az onlarda tənbəllik var. Çox zaman onlar böyük həvəslə gəlib oxuyub öyrənirlər. Bir müddət keçəndən sonra isə yorulmağa başlayırlar. İndi bunun səbəbləri müxtəlif ola bilər. Amma informasiya bolluğundan bəzən elə bilirlər ki, hər şeyi öyrəniblər. Məsələn, gənclər daha çox şikayət edirlər ki, iş tapa bilmirlər. Niyə iş tapa bilmirlər? Adam gedib oxuyur, amma onun adi praktikası yoxdur. Təcrübə olmadığı üçün o, hər hansı yerdə gedib işləyə bilmir. Müəyyən dövlət və özəl müəssisələr hər hansı işçi ilə müqavilə bağlayırsa, təbii ki, o, aldığı maaşın iki qatında müəssisəyə xeyir verməlidir. Əslində bizdə kifayət qədər iş var, sadəcə bizdə peşəkarlıq zəif olduğuna görə iş tapa bilmirlər. Peşəkarlığı artırmağın da bizdə kifayət qədər yolları var. Məsələn, bizdə 4 mindən çox QHT var. Bu QHT-lərin müəyyən hissəsinin ofisləri var. Gənclərimiz bu QHT-lərdə könüllü işləyərək öz təcrübələrini artıra bilərlər. Öz təcrübələrini artırmaqla yaxşı işlə təmin olunmalarına imkanlar yarada bilərlər. Mən bu baxımdan bizim rus və ingilis dillərini tədris edən iki müəlliməmiz-Samirə və Fidan xanımları misal çəkə bilərəm. Samirə xanım bizdə iki aydan artıq pulsuz işlədi. Sonradan digər kurslarda dərs deyərək pul da qazandı. Artıq 5 aydan sonra onu “Golden Pay” şirkətində işə götürdülər. Özü də birbaşa olaraq müdirin köməkçisi vəzifəsinə. Halbuki həmin xanımın heç bir şirkətədə fəaliyyəti olmayıb. Fidan xanımsa 5 ildən artıq bizimlə fəaliyyət göstərəndən sonra alman şirkətlərindən birində menecer vəzifəsinə işə düzəldi. Təcrübə artıq göstərdi ki, bunların buradakı zəhməti hədər getmədi. Onlar hər hansı şirkətə gedəndə söhbət əsnasında görünür ki, nəzəri biliklərlə yanaşı, təcrübələri də var. Ona görə də düşünürəm ki, gənclərimiz biliklərini artırmaqla yanaşı, öz peşəkarlıqlarını da artırmalıdırlar. 
-Tələbə və gənclərin intellektual səviyyəsinin yüksəldilməsi üçün nələr edilməlidir?
- Öncə dövlət və özəl universitetlərdə təhsil haqqı nisbətən aşağı salnmalıdır. Ümumiyyətlə, dövlət universitetlərində təhsil haqqı ləğv olunsa, daha yaxşı olardı. Çünki bəzən biz görürük ki, abituriyent qəbul olur, amma maddi imkanı olmadığına görə təhsilini başa çatdıra bilmir. İkincisi isə qrant ayıran dövlət təşkilatları yaxşı olardı ki, elm və təhsil, xüsusilə peşə hazırlığı ilə bağlı layihələrə daha çox pulun ayrılmasına üstünlük versinlər. Düşünürəm ki, hamı oxuyub alim ola bilmir. Elə gənc var ki, elmə marağı olmur. Amma cəmiyyətin inkişafında peşə sahibləri də mühüm rol oynayırlar. Belə olsa, gəncləri cəmiyyətdə balanslı formada daha yaxşı formalaşdırmaq olar. 
-Elm və təhsillə bağlı daha hansı layihələr həyata keçirməyi planlaşdırırsınız?
- Biz Prezident yanında Gənclər Fonduna müxtəlif layihələr təqdim etmək istəyirik. Bunlardan biri beynəlxaq layihədir. Ola bilsin, Avstriya və Almaniyada baş tutacaq. Bu, Qarabağla bağlı həqiqətlərin təbliği ilə bağlıdır, amma tamam fərqli bir formada olacaq. Məsələn, hər bir millətin tarixində anım günləri var. Biz istəyirik ki, həmin ölkələrdə özümüzünkü ilə yanaşı, onların da faciəli günlərilə bağlı müəyyən kitabçalar paylayaq. Yəni onların da anım günlərindən xəbərimiz olduğunu çatdıraq. Həmin ölkələrin nümayəndələri öz anım günləri ilə bağlı məlumatları da görəndə bu, daha cəlbedici və təsirli olacaq.
Digər layihələrimizsə gənclərin peşə, dil və kompyuter bacarıqlarının artırılması istiqamətində olacaq. 
Fuad Hüseynzadə

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə