Çap

Heydər Əliyev Fondu uşaqlar üçün bayram tədbiri təşkil edib

Tarix . Kateqoriya Xəbərlər

aliev fondu

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Nərimanov rayonu ərazisində yerləşən Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 5 nömrəli Xüsusi İnternat Məktəbində təhsil alan fiziki və əqli qüsuru olan uşaqlar üçün bayram tədbiri keçirilib.

Gemi.az-ın Oxu.Az-a istinadən xəbərinə görə, Heydər Əliyev Fondunun nümayəndələri, rayon rəhbərliyi, təhsil müəssisənin müəllim və şagirdlərinin qatıldığı tədbiri açan internat məktəbinin direktoru İradə Vəzirova burada təhsil alan uşaqları bayram münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıb. O, uşaqlara, gənc nəslə dövlət tərəfindən göstərilən qayğıdan danışıb, Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın əqli və fiziki məhdudiyyətləri olan uşaqları daim diqqət mərkəzində saxladığını vurğulayıb.

Məktəbin rəhbəri onları belə bir gündə yad edərək görüşə gəldiklərinə görə tədbirin təşkilatçılarına dərin minnətdarlığını bildirib. O, müəssisədə əqli və fiziki cəhətdən qüsurlu uşaqların normal təhsili, həmçinin onların müxtəlif reabilitasiya tədbirlərinə cəlb olunması üçün hərtərəfli şəraitin yaradıldığını qeyd edib.

Həmçinin bildirilib ki, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə əsaslı təmir olunmuş Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 5 nömrəli Respublika Xüsusi İnternat Məktəbinin, onun nəzdində fəaliyyət göstərən musiqi məktəbinin və rayondakı digər təhsil və səhiyyə ocaqlarının istifadəyə verilməsi bu kateqoriyadan olan insanların cəmiyyətə inteqrasiyası istiqamətində dövlətimiz tərəfindən görülən işlərin əyani göstəricisidir.

Fiziki və əqli qüsuru olan uşaqların maddi təminatla yanaşı, daha çox mənəvi dəstəyə ehtiyaclarının olduğunu, sağlamlıq imkanları məhdud uşaqların da məhz belə bir ehtiyacını bu cür yüksək səviyyədə qarşılayan xeyirxah insanların əməllərinin yüksək qiymətə layiq olduğunu bildirən Heydər Əliyev Fondunun nümayəndələri dövlətimiz tərəfindən davamlı şəkildə onlara belə qayğıların göstərildiyini diqqətə çatdırıb və bunu Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xüsusi qayğı və diqqətə ehtiyacı olan uşaqlara sonsuz məhəbbətinin və qayğısının bariz nümunəsi kimi dəyərləndiriblər.

Şaxta Baba və Qar qızın uşaqları əyləndirdiyi şənlikdə onlar maraqlı ədəbi-bədii kompozisiyalar, səhnəciklər nümayiş etdirib, şeirlər söyləyib və rəqs ediblər.

Bayram şənliyi tanınmış incəsənət ustalarının ifasında maraqlı konsert proqramı ilə davam etdirilib.

Sonda uşaqlara bayram hədiyyələri təqdim olunub.