
“Gəncədə yaranmış həssas dönəm cəmiyyətimizin dövlətin ətrafinda daha sıx birləşməsini tələb edir”.
APA-nın xəbərinə görə, bu sözləri prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Facebook”da yazıb.
Ə. Həsənov statusunda aşağıdakıları qeyd edib:
“İyul ayının 3-də axşam Gəncə Şəhər İcra hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı törədilmiş sui-qəsdlə bağlı BBC əməkdaşının sualına cavab verərkən, mən ilkin məlumatlardan çıxış edərək söyləmişdim ki, ”bu, icra başçısına qarşı törədilmiş kriminal hadisədir, silahlı basqın olub, başçı və mühafizəçisi xəsarət alıb, hadisəni törədən şəxs yaxalanıb, hüquq-mühafizə orqanları lazımi tədbirləri görürlər”. Belə ağır cinayət hadisələri zamanı müvafiq orqanların rəyi olmadan daha təfsilatlı şərhlə çıxış etməyi düzgün hesab etmədim. Bir dövlət məmuru kimi mənim həmin açıqlamam, əlbəttə ki, dövlətin hadisəni nəzarətə götürdüyü haqqında cəmiyyəti məlumatlandırmaq istəyi ilə əlaqəli olmuşdu. İyulun 6-da Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətinin yaydığı birgə məlumatda baş vermiş cinayətin terror xarakteri, cinayəti törədən Yunis Səfərovun xarici vətəndaş olduğu, Azərbaycan dövləti tərəfindən sanksiyalaşdırılmayan döyüş əməliyyatlarında iştirak etdiyi bildirildi. Həm yerli, həm xarici mediada dərc olunmuş materiallarda, sui-qəsdçinin həyat yoldaşının bir neçə dəfə yayımlanmış video müraciətlərində onun bu əməli şəxsi motivlərlə, qisas naminə və ya bəzilərinin iddia etdiyi kimi, “sosial zülmə” qarşı etiraz olaraq deyil, məhz Suriyada uğrunda döyüşdüyü “ideallar” naminə - şəriət dövləti bərqərar etmək üçün törətdiyi bəlli oldu.