Çap

Bakalavrlara 200, magistrlərə 300, doktorantlara 400 dollar təqaüd, üstəlik “cibxərcliyi”

Tarix . Kateqoriya Xəbərlər

 
bv
 
Türkiyənin 160 ölkədə böyük layihələr həyata keçirən təşkilatının suriyalı gənclərə heyrətamiz dəstəyi var
 
Sərdar Gündoğan: “Dəstək verdiyimiz tələbələrdən qəti istəyimiz budur ki, təhsillərini başa vurub ölkələrinə dönsünlər”
 
“Suriyadan Türkiyəyə pənah gətirən 2 min 500 suriyalı tələbə Türkiyə universitetlərinə yerləşdirilib və bütün məsrəflərini biz qarşılayırıq. Bütün dünyada 16 min tələbəyə “Türkiyə təqaüdü” verildiyi halda, yalnız Suriyadan olan 2 min 500 tələbənin xərcləri ödənilir. Məqsədimiz gələcəyin Suriyasının intellektli insanlardan məhrum olmamasıdır. Bütün  dünyanın Suriya üçün etdiklərini biz bir təşkilat olaraq həyata keçiririk, istəyirəm hər kəs bunu bilsin”. 
 
Bu fikirlər Türkiyədə fəaliyyət göstərən Yurd Dışı Türkləri, Soydaş və Akraba Topluluqları qurumunun başqan yardımçısı Sərdar Gündoğana məxsusdur.
 
Gemi.az xəbər verir ki, Musavat.com-un əməkdaşının da daxil olduğu, xarici ölkə jurnalistlərindən  ibarət heyəti təşkilatın baş ofisində qəbul edən S.Gündoğan bir çox maraqlı açıqlamalar verməklə bərabər, media mənsublarını maraqlandıran sualları da cavablandırdı. Onun sözlərinə görə, suriyalı tələbələrə “cibxərcliyi” ilə yanaşı, bakalavr təhsili alanlara təqaüd olaraq 200 dollar, magistraturada oxuyanlara 300, doktorlara 400 dollar verilir. Həmçinin onların tibbi, yaşayış, 1 illik türk dilinin öyrənilməsi xərcləri də qarşılanır. 
 
Qurum rəsmisi İstanbulda düzənlənəcək İnsani Zirvənin önəmindən, bu tədbirin xüsusilə də Suriya probleminə müsbət təsir göstərəcəyindən danışarkən bir daha Suriya böhranına təşkilat olaraq verdikləri töhfədən bəhs etdi. Dediyinə görə, Suriyadan gəlmiş yüz minlərlə uşağın, on minlərlə gəncin təhsilə cəlb olunması istiqamətində addımlar  atılıb. Üstəlik, qaçqın düşərgələrində və onlardan kənarda türk dilinin tədrisi ilə bağlı 4 ildir ki, türk dilini öyrədən kurslar fəaliyyət göstərir: “Bu günə qədər 5 minə yaxın tələbəni türkcə öyrətmişik”. 
 
Sərdar Gündoğan 6 ildir fəaliyyət göstərən qurumla bağlı danışarkən “biz həm özümüzü tanıtmaq, həm də fərqli millətləri, fərqli mədəniyyətləri daha yaxından tanımaq istəyirik” söylədi. “Əslində çox yaxşı tanıdığımız ən yaxınımızın belə bizdən nə qədər uzaq olduğunu təcrübəmizdə görmüşük. Bu səbəbdən biz müstəqil dövlətlərdə yaşayan, təhsil alan tələbələrimizlə çalışmalarımızı davam etdiririk”, -S.Gündoğan əlavə etdi. 
 
Bildirdi ki, bir-birimizi tanımaq baxımından sizlərin- media  nümayəndələrinin rolu kifayət qədər mühüm əhəmiyyət kəsb edir: “Təşkilatımız tərəfindən 160 ölkədə 7-10 milyon soydaşımızın yaşadığı ünvanlarda təhsillə bağlı layihələr həyata keçirilir. 
 
 
Ana ofisdən başqa İzmir və Ədirnədə də daha iki ofis fəaliyyət göstərir.  Ana dilində və türklərin yaşadığı ölkələrin dilində layihələrə dəstək verilir. Xaricdə yaşayan türklərin ana dilində, həmçinin yaşadıqları ölkələrin dillərində danışmaları bizim ana hədəfimizdir”. 
 
Yaxın zamanlarda Yurd Dışı Türkləri, Soydaş və Akraba Topluluqları qurumu Latın Amerikasında və Orta Şərqdə də layihələrə başlayacaq. 
 
S.Gündoğan daha sonra bunları bildirdi: “16-22 yaş arasındakı gəncləri Türkiyədə iki həftəlik qonaq qəbul etməyi planlaşdırırıq. Həmçinin Türkiyə vətəndaşı olmayan tələbələrə təqaüdlər verilir. Təqüddən əlavə, tibbi sığorta məsələləri həll olunur, pulsuz yaşayış ünvanı ilə təmin edilir, onlara “cib xərcliyi” də ayrılır. İndiyə qədər bütün sahələr üzrə 772 layihə reallaşdırılıb və 72 milyon Türkiyə lirəsi xərclənib. Bu layihələlər Fransa, ABŞ, Hollandiya, Belçika və digər ölkələrdə gerçəkləşdirilib”.
 
“Rusiyada yaşayan, Osmanlı dövündən türklərə yaxın və qohum olan 30-a yaxın millətlərin nümayəndələrinə dəstəklə bağlı hansısa bir addım atılır, bundan sonra hansısa layihələr nəzərdə tutulurmu” sualına cavabında başqan yardımçısı çox güman ki, Rusiya mövzusu səbəbindən konkret cavab vermək istəmədi: “Öz vətəndaşlarımızla bağlı  layihələri daha rahat həyata keçirə bilirik, nəinki vətəndaşımız olmayanlarla bağlı. Ancaq digər soydaş və qohum xalqlarla bağlı çalışmalarımız zamanı beynəlxalq hüquqa, həmçinin həmin ölkələrin qanunlarına uyğun hərəkət edirik. Təbii ki, bu çalışmaların asan olmadığını siz də bilirsiniz”. 
 
“Təhsillərini başa vurandan sonra tələbələrin bir çoxu Türkiyədə qalmaq istəyir. Onlara iş yeri tapmaqla bağlı dəstək verirsinizmi”, sualına cavabında isə o, bunları söylədi: “Bizim dəstək verdiyimiz tələbələrdən qəti istəyimiz budur ki, təhsillərini başa vurandan sonra Türkiyədə qalmasınlar, öz ölkələrinə dönsünlər. Əgər Türkiyədə qalarlarsa, o halda ödədiyimiz vəsaitlərin yüzdə 60-nı geri alacağımız barədə xəbərdarlıq edirik və bununla bağlı xəbərdarlığa imza atdırırıq. Tələbələrimizin təhsilini başa vurandan sonra öz ölkələrindəki türk kampaniyalarında işləməsi isə tam mümkündür”. 
 
Qurum məsulu daha bir xəbərdarlıq etdi: “Öz ölkələrində tibbi təhsil almaq imkanı olmayan, yüksək bal toplaya bilməyənlər Türkiyədə tibbi təhsil ala bilməzlər!  Ona görə də belələri bizə müraciət etməsin!”  
 
“Yeni Müsavat”ın əməkdaşının Türkiyədə on illərdir qeydiyyatsız yaşayan və məsələsi hətta parlament səviyyəsində müzakirə olunan azərbaycanlı ailələri, onların təhsildən məhrum olmuş 2 mindən artıq övladları barədə sualı qurum rəhbərinin təəccübünə səbəb oldu. O, bu məsələ ilə bağlı qurumun müvafiq bölmələrində araşdırmaların aparılacağını və bununla bağlı açıqlama verəcəyini söylədi. 
 
Türkiyə Nazirlər Kabinetinin mətbuat və informasiya baş idarəsinin təşkilatçılığı ilə qardaş ölkəyə səfər edən, 7 ölkənin təmsilçisi olan jurnalistlərlə görüşdə Munis Kaçal, Suat Buyqur, Hacımurad Tərzi və Veysəl Gündüz də iştirak edirdi. 

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə